25 Kasım 2013 Pazartesi

“Təzə padşahın bayramları”


Hekayə

Dillərdən süzülüb yaddaşlara hopan rəvayətlərdən birində deyilir ki, qədim-qədim zamanarda, uzaq-uzaq diyarlardan birində adildən adil, rəhmdildən rəhmdil, ağıllıdan ağıllı, müdrükdən müdrük, yaraşıqlıdan yaraşıqlı, boy-buxunludan boy-buxunlu, sadədən sadə, adidən adi bir padşah varmış. Elə bir padşah imiş ki, onun onun yüksək keyfiyyətlərini, yaxşı məziyyətlərini, xasiyyətindəki müsbətlərini, xeyirxah niyyətlərini dəryalar mürəkkəb, meşələr qələm və də küllü bəşər övladı mirzə olsaydı da yazıb qurtara bilməzmiş. Həmin bu padşah taxta beş-altı balış atdırıb yerini rahatlayandan və nadir daş-qaşla bəzənmiş qızıl tacı başına qoyandan sonra köhnə padşahın əlindən zara-zinhara gələn və həmin köhnə padşahdan görünülməyib eşidilməmiş zülümlər çəkən camaat da rahatlaşıbmış. Bu padşah köhnə padşahı devirib şəxsən başını kəsəndən sonra taxta çıxıbmış və köhnə padşahın qanı bu vilayətdə axıdılan axırıncı qan olubmuş. Təzə padşah taxtda yerini rahatlayandan sonra zindanları açdırıb dustaqları buraxdırıbmış, vergiləri azaldıbmış və daha-daha bu kimi yaxşı-yaxşı əməllərə sahiblik edib savab yiyəsi olubmuş. Rəiyyət bu təzə padşahdan o qədər razı olubmuş ki, heç onun beş-altı balışlı yumşaqdan yumşaq, rahatdan rahat taxtında rahat oturmağa qoymurmuş. Hər daim rəiyyətin “Ay Allah, sən bu padşahı başımızdan əskik eləmə”, “Ay Allah, sən bizim ömrümüzdən kəsib bu padşahın ömrünə cala” və bu kimi hər kəlməsindən alqış, dua yağan sədalarından sarayın sivarları titrəyib divanxananın çıraqları oynayırmış və padşah tullanıb-düşən taxtında rahat otura bilmirmiş.
Bu padşah ürəyin istəyən əntiqə padşah imiş və zəif cəhəti var imiş ki, yeyib-içməyə, eyş-işrətə çox həvəsli imiş və hər vəchlə ziyafət qurub bayram eləyirmiş. Özündən xeyli bayramlar uydurubmuş. Ən əvvəl taxta çıxmaq bayramı, sonra padşahın ad günü, sonra padşahın taxta çıxmaq münasibətilə zindanların qapısını açdırıb dustaqları azadlığa buraxdırdığı gün, sonra təzə divan qanununu yazdığı gün, sonra xalq arasından on iki nəfər özü kimi adil ağsaqqal seçib vəzir təyin etdiyi gün, sonra vilayətin köhnə padşahın zülmündən qurtulduğu gün, sonra köhnə padşahın başının təzə padşah tərəfindən kəsildiyi gün, sonra əsarətdən qurtulan rəiyyətin dirçəlməyə başladığı gün, sonra təzə bayrağın ilk dəfə dalğalandığı gün, sonra təzə padşahın fitlə qoşduğu təzə himnin nota köçürüldüyü gün, sonra həmin himnin ilk dəfə səsləndiyi gün, sonra... sonra... sonra... Bir ziyafətlər qurulurmuş ki, gəl görəsən! Yemklər o qədər çox və o qədər növbənöv olurmuş ki, bir adam hamısının dadına baxıb qurtara bilmirmiş. Şərab su yerinə axırmış, saqilərin əlindəki kuzələr boşaldıqca padşahın və qonaqların qarnı dolurmuş. Sazəndələrin könül oxşayıb ruh qidalandıran nəğmələrinin müşayətilə adamı meysiz sərxoş eləməyə qadir olan rəqqasələr oynayırmış...
...Nə qədər bayram elədiyini xatırlamayan padşah axırıncı bayram qonaqlığının sərxoşluğundan ayılıb başlayıbmış qara-qara düşünməyə ki, ay aman, daha bayramlıq səbəb qalmayıb! Padşahın bikeflədiyini görən vəzir-vəkil “kefini açmasaq qəddarlaşıb hamımızı qırdırar” deyə saray əhlini yığıb tədbir tökməyə başlayıblarmış. Ağıllı ağsaqqallardan biri iki nəfər qoca arvad tapıb onlara neyləmək lazım olduğunu başa salıbmış və arvadlar gəlibmişlər padşahın hüzuruna. Padşah bikef vaxtında gələn və qocalıqdan əyilib qabağında yeri öpə bilməyən arvadları görəndə hirslə kim olduqlarını xəbər alıbmış və arvadlar cavab veribmişlər ki, qibleyi-aləm sağ və salamat olsun, biz sənin dayələrinik və gəlmişik səni təbrik eləməyə. Padşah soruşanda ki, ay xanəxərablar, nə təbrik, arvadlar cavab veribmişlər ki, bəs bu gün sənin ilk dəfə ayaq açıb gəzdiyin gündür. Bu da sənə bayram səbəbinin əntiqəsi! Padşahın kefi kökəlibmiş, arvadlara özlərindən ağır ənam veribmiş və ziyafət qurulması haqqında göstəriş veribmiş. Səhəri gün arvadlar yenə gəliblərmiş padşahın yanına və deyiblərmiş ki, bu gün sənin saçının ilk dəfə qırxıldığı gündür. Bayramlar başlayıbmış balalamağa. Padşahın adının qoyulduğu gün, ilk dəfə tualetə tək getdiyi gün, ilk dəfə şərab içdiyi gün, ilk dəfə at mindiyi gün, ilk dəfə mirzədən dərs almağa başladığı gün, ilk dəfə “əlif” yazdığı gün, ilk dəfə “bey” yazdığı gün, ilk dəfə qılınc oynatdığı gün, bakirliyini itirdiyi gün, ilk dəfə şeir əzbərlədiyi gün, ilk dəfə çimdiyi gün, ilk dəfə saqqız çeynədiyi gün, ilk dəfə ayaqqabı geyindiyi gün, ilk dəfə döyüləndə ağlamadığı gün, evləndiyi gün, altmış üçüncü arvadını aldığı gün və s. və i.a. bu kimi gözəl-gözəl bayramlar...
Dillərdən süzülüb yaddaşlara hopan rəvayətlərdən birində bu da deyilir ki, padşah o qədər bayram eləyib yeyib-içibmiş ki, axırda ziyafət süfrəsindəcə qarnı partlayıb ölübmüş...

3 noyabr 2013

Hiç yorum yok:

Yorum Gönder